2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan 113,034 min ton mineral gübrə ixrac edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 26,1% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İxrac olunmuş mineral gübrələrin ümumi dəyəri $32 milyon 50,9 min (azalma 67,6%) təşkil edib.
Bundan başqa, yanvar-iyun aylarında Azərbaycana $34 milyon 885,2 min dəyərində (artım 13,5%) 54,842 min ton mineral gübrə (artım 45,2%) idxal edilib.
Azərbaycanda mineral gübrə istehsalı ilə SOCAR-ın Karbamid Zavodu məşğul olur.
Zavod 2019-cu il yanvarın 16-da istismara verilib və həmin ilin iyun ayında karbamid ixracına başlayıb. Müəssisə ammonyak, maye və dənəvər karbamid istehsalı bölmələrindən ibarətdir, gündəlik istehsal gücü 1,2 min ton ammonyak və 2 min ton karbamiddir. Zavodun karbamid ixracından illik gəliri $160 milyon məbləğində proqnozlaşdırılır.
Zavodun tikintisinin ümumi dəyəri 780 milyon avro təşkil edib. Bu məbləğdən 197 milyon avro Azərbaycanın dövlət büdcəsindən ayrılan vəsaitin, 500 milyon avro borc vəsaitin, 80-85 milyon avro isə SOCAR-ın tikinti zamanı öz vəsaiti hesabına büdcəyə ödədiyi vergi və digər ayırmaların payına düşüb.**
B.Rüstəmbəyov