Çərşənbə günü Səmərqənddə (Özbəkistan) keçirilən Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin iclası yekunlaşıb, növbəti iclas Şuşada (Azərbaycan) keçiriləcək.
“İnterfaks-Azərbaycan”a Səhiyyə Nazirliyindən verilən məlumata görə, Səmərqənddə iclasın yekun sənədi Birgə Bəyannamə qəbul edilib.
Sənəddə türkdilli dövlətlərin Farmakopeyasının və Qaydalarının tətbiqi sahəsində əməkdaşlığın gücləndirilməsi, habelə fövqəladə hallar zamanı humanitar və tibbi yardımın göstərilməsi öz əksini tapıb. Həmçinin, təşkilat çərçivəsində dərman vasitələrinin və tibbi texnikanın birgə istehsalı imkanlarının nəzərdən keçirilməsi, eyni zamanda Türk Dövlətləri Təşkilatına üzv ölkələr tərəfindən tibb sahəsində verilmiş diplomların qarşılıqlı tanınması daxil edilib. Bundan əlavə, Bəyannamə TDT-yə üzv və müşahidəçi dövlətlərin iştirakı ilə sağlamlıq turizmi sahəsində birgə şəbəkənin yaradılması, Vahid Tibb Məlumat Lüğətinin hazırlanması və digər məsələləri də əhatə edir.
TDT-nin baş katibi Kubanıçbek Ömüralıyev TDT-yə üzv ölkələrin səhiyyə nazirlərinin növbəti iclasının Şuşa şəhərində keçiriləcəyini bəyan edib. Onun sözlərinə görə, Şuşa 2023-cü il üçün Türk Dünyasının Mədəniyyət paytaxtı elan edilib. O, həmçinin Şuşada baş tutacaq tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib. **
R.Əhmədov