Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, çərşənbə günü Ermənistanın təxribat-diversiya qrupu tərəfindən dövlət sərhədinin pozulması faktı ilə bağlı cinayət işi başlanıb.
Bildirilir ki, Baş Prokurorluqda Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb.
İbtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Müdafiə Nazirliyindən öncə məlumat verilib ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
“Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə, diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib”, - məlumatda deyilir. **
İnformasiya şöbəsi