Azərbaycan Müdafiə Nazirliyindən bəyan ediblər ki, Ermənistan Müdafiə Nazirliyi tərəfindən yayılan videomaterialın çərşənbə günü Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun üzvünün saxlanılması insidenti ilə heç bir əlaqəsi yoxdur.
“Ermənistan Müdafiə Nazirliyi uğursuz təxribatını ört-basdır etmək məqsədilə yaydığı videomaterialda əks olunan görüntülərin, o cümlədən avtomobil texnikasının baş vermiş insidentlə (Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun Azərbaycan ərazisinə sızmaq cəhdi - İF) heç bir əlaqəsi yoxdur. Məlumat veririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılan erməni diversant hərbi qulluqçularımızın köməyi ilə dərhal UAZ- 390945 markalı avtomobil vasitəsilə yaxınlıqdakı hərbi tibb müəssisəsinə təxliyə edilib”, - Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəisi polkovnik Anar Eyvazov bəyan edib.
Onun sözlərinə görə, “qarşı tərəf bu cür dezinformasiya xarakterli məlumat yaymaqla öz çirkin əməllərinə don geyindirməyə və bununla da ictimaiyyətdə yanlış fikir formalaşdırmağa çalışır”.
Daha əvvəl Müdafiə Nazirliyindən məlumat verilib ki, avqustun 16-da saat 11:15 radələrində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı boşluqlardan istifadə edərək Azərbaycan ərazisinə sızmağa cəhd edib.
“Bölmələrimizin sayıqlığı nəticəsində atəş vasitələrimizin dəstəyi ilə erməni hərbçilərin təxribatının qarşısı alınıb. Nəticədə, diversiya qrupunun bir üzvü yaralanmış vəziyyətdə hərbi qulluqçularımız tərəfindən saxlanılıb. Kəşfiyyat-diversiya qrupunun digər üzvləri geri çəkilməyə məcbur edilib”, - məlumatda deyilir. **
İnformasiya şöbəsi