Ermənistan Azərbaycanla münaqişədən sonrakı normallaşma danışıqlarında səmimilik nümayiş etdirməlidir. Bunu Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev BMT Təhlükəsizlik Şurasının Azərbaycanın Qarabağ bölgəsində guya yaranmış “humanitar böhran”ın müzakirəsinə dair təcili iclasında çıxışı zamanı deyib.
“Ermənistan Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirən hərəkətlərinə son qoymalı, daxili işlərimizə qarışmaqdan çəkinməli və münaqişədən sonrakı normallaşma danışıqlarına səmimi şəkildə qoşulmalıdır. Bölgədə davamlı sülh üçün tarixi fürsətin qaçırılmaması həyati əhəmiyyət kəsb edir”, - deyə o bildirib.
Daimi nümayəndənin görə, Ermənistan rəhbərliyinin Azərbaycanın, Qarabağ regionu daxil olmaqla, suverenliyinin və ərazi bütövlüyünün tanınması ilə əlaqədar şifahi bəyanatları sülhün həqiqətən də əlçatan olması ilə bağlı ehtiyatlı nikbinliyə zəmin yaratdı. “İndi Ermənistan bu bəyanatı real əmələ çevirməli və Azərbaycanın suverenliyini, o cümlədən Qarabağda yaşayan yerli erməni sakinlərinin “humanitar ehtiyacları” bəhanəsi ilə şübhə altına almaqdan çəkinməlidir”, - deyə Y.Əliyev vurğulayıb.*
R.Əhmədov