Avqustun 17-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Haməd bin Abdullah bin Səud bin Xudeyri diplomatik fəaliyyətinin bitməsi münasibətilə qəbul edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
“Görüş zamanı siyasi, iqtisadi, enerji, humanitar, turizm sahələri üzrə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri, beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlığı Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Bayramov səfirə fəaliyyəti dövründə Azərbaycan-Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafına verdiyi töhfəyə, peşəkar fəaliyyətə görə dərin minnətdarlığını bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə Azərbaycan və Səudiyyə Ərəbistanı Krallığı arasında siyasi əlaqələrin mükəmməl səviyyədə olduğu qeyd olunaraq, iqtisadi-ticarət sahəsində əməkdaşlığın inkişafında əldə olunan nailiyyətlərin məmnunluq doğurduğu vurğulanıb.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional xarakterli məsələlərə dair fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, Essam bin Saleh Əl-Cutayli Səudiyyə Ərəbistanı Krallığının Azərbaycanda yeni səfiri təyin edilib.*
R.Kərimov