Azərbaycan prezidenti İlham Əliyevin Budapeştdə Macarıstanın baş naziri Viktor Orban ilə görüşü olub. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilir.
Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olundu, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulandı.
“Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edildi, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunuldu, ümumilikdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olundu”, - məlumatda deyilir.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq işlərində Macarıstan şirkətlərinin fəaliyyətə başlaması müsbət addım kimi qiymətləndirildi və bu istiqamətdə daha böyük imkanların olduğu vurğulandı.
“Söhbət zamanı, həmçinin Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerji sahəsində strateji tərəfdaşlığa dair Sazişin imzalanmasının və Qara dənizin dibi ilə elektrik xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi istiqamətində səylərin davam etdirilməsinin önəmi qeyd olundu, Orta Dəhlizin əhəmiyyəti və yükdaşımaların artması vurğulandı”, - məlumatda deyilir.
Görüşdə iki ölkənin Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd edildi. **
V.Əliyev