31 iyul 2023-cü il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 44 milyard 880,3 milyon manat məbləğində qiymətləndirilir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 31 dekabr 2022-ci il tarixinə bankların aktivləri 47 milyard 54,9 milyon manat məbləğində olub. Beləliklə, yanvar-iyul aylarında bankların aktivləri 4,6% azalıb.
2023-cü ilin iyun ayı ilə müqayisədə iyul ayında bankların aktivləri 0,8% və ya 338 milyon manat azalıb.
7 ay ərzində bankların Mərkəzi Bankdakı müxbir hesablarında olan vəsaitlərin həcmi 46,2% - 3 milyard 401,8 milyon manata qədər azalıb.
İyulun sonuna bankların kredit portfeli 21 milyard 372 milyon manat (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 10,9% - İF) təşkil edir.
Bankların ümumi kapitallaşması 5 milyard 839,1 milyon manat (artım 3,9%) təşkil edir.
Bankların öhdəlikləri 39 milyard 41,2 milyon manata (azalma 5,8%) bərabərdir. Bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 107,7 milyon manat məbləğində (azalma 2,1 dəfə) qiymətləndirilir. Banklardakı depozit portfeli 31 milyard 841,1 milyon manat (azalma 5,7%), o cümlədən əhalinin əmanətləri 12 milyard 429,3 milyon manat (artım 8,2%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2023-cü ilin yanvar-iyul aylarında bankların ümumi xalis mənfəəti 655,3 milyon manat təşkil edib (2022-ci ilin yanvar-iyul ayları ilə müqayisədə artım 33%).
Hesabat dövründə bankların faiz gəlirləri 1 milyard 976,2 milyon manat (artım 33,1%), o cümlədən verilmiş kreditlər üzrə 1 milyard 456,9 milyon manat (artım 19,3%) təşkil edib.
Bankların qeyri-faiz gəlirləri 738,1 milyon manat məbləğində (artım 14,1%) olub.
Bu dövrdə bankların faiz xərcləri 478,3 milyon manat (artım 35,6%), o cümlədən depozitlər üzrə 341,4 milyon manat (artım 39,3%), qeyri-faiz xərcləri 1 milyard 271 milyon manat (artım 25,9%) təşkil edib.
Yanvar-iyul aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 931,4 milyon manat (artım 25,6%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 818,7 milyon manat (artım 22,8%), mənfəət vergisi üzrə ödənişlər 163,4 milyon manat məbləğində (artım 43,2%) qiymətləndirilir.
31 iyul 2023-cü il tarixinə respublikada 24 bank fəaliyyət göstərir. Bu bankların 9-u (2022-ci ilin sonuna 10 bank) xarici kapitallıdır.
Bankların 486 filialı (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 0,2%) və 86 şöbəsi (2022-ci ilin sonuna 91) var.
Bank sektorunda 23,319 min nəfər (2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 2,4% - İF) çalışır.*
A.Əzizov