2023-cü ilin yanvar-iyul aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) müvəkkil bankları tərəfindən 279,5 milyon manat məbləğində ipoteka krediti verilib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 18,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
İyulda İKZF-nin müvəkkil bankları tərəfindən 35,9 milyon manat məbləğində kredit (iyunda 37,8 milyon manat) verilib.
7 ay ərzində İKZF 264,9 milyon manat məbləğində krediti (artım 36,7%) təkrar maliyyələşdirib.
Yanvar-iyul aylarında İKZF ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən 65,7 milyon manat (azalma 8%), iyulda 21,9 milyon manat alıb.
Hesabat dövründə İKZF 170 milyon manat məbləğində istiqraz (artım 30,8%) yerləşdirib.
2023-cü ilin iyul ayında verilmiş ipoteka kreditinin orta həcmi 60 min manatı ötüb və 60,216 min manat təşkil edib. Kreditlər 281,7 ay müddətinə və illik 6,36% dərəcəsi ilə verilib.
2022-ci ildə İKZF-nin müvəkkil bankları tərəfindən 422,51 milyon manat məbləğində ipoteka krediti verilib.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 150 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimum məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. Müddəti 30 ilə qədərdir. İlkin ödəniş 10% təşkil edir.*
R.Əhmədov