“SOCAR Petroleum” QSC İsmayıllı rayonunda “SOCAR” brendli yeni yanacaqdoldurma stansiyasını (YDS) istifadəyə verib.
Şirkətdən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, YDS İsmayıllı şəhəri, Nizami küçəsi 34 ünvanında yerləşir. Bu, 2023-cü ildə istifadəyə verilən sayca 6-cı, İsmayıllı rayonunda isə ilk YDS-dir.
Yanacaqdoldurma stansiyasının açılması ilə bərabər 27 yeni iş yeri də yaradılıb. YDS-də 5 yanacaqpaylayıcı kalonka quraşdırılıb. Burada “Aİ-92”, “Aİ-95” Premium və “Dizel” markalı yanacaq məhsullarının satışının həyata keçiriləcək.
Hazırda İsmayıllıda fəaliyyətə başlayan YDS-lə birlikdə ölkə ərazisində SOCAR brendli 53 yanacaqdoldurma stansiyası fəaliyyət göstərir.
“SOCAR Petroleum” şirkəti 2008-ci ilin yanvar ayında təsis edilib və neft məhsullarının pərakəndə satışı ilə məşğul olur. Şirkət respublikada ilk yanacaqdoldurma məntəqələrini 2010-cu ilin may ayında açıb.
Yanacaqdoldurma məntəqələrində Euro-4 standartlarına cavab verən Aİ-95 Premium, Aİ-92 (Euro-2), Aİ-98 Super (Euro-5) markalı benzinin, eləcə də maye qaz (LPG) və dizel yanacağının satışı həyata keçirilir. Həmçinin şirkət 11 neft terminal bazasına malikdir.*
N.Abbasova