2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının (BOKT) kredit portfeli 9,2% - 22 milyard 41,9 milyon manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulda bankların və BOKT-ların kredit portfeli 0,3% və ya 75,7 milyon manat (iyunda + 680,7) artıb.
İyulun sonuna vaxtı keçmiş kreditlərin həcmi 494,7 milyon manat (hesabat dövründə azalma 16,7% - İF) və ya bütün kreditlərin 2,2%-ni (2022-ci ilin sonuna 2,9%) təşkil edir.
2023-cü il iyulun 31-nə dövlətin iştirak payına malik olduğu banklar tərəfindən 4 milyard 635,9 milyon manat (artım 20,3%) və ya bütün kreditlərin 21%-i, özəl banklar tərəfindən 16 milyard 736,1 milyon manat (artım 6,3%) və ya bütün kreditlərin 75,9%-i həcmində kredit verilib. Qalan 669,9 milyon manat (artım 13,6%) bank olmayan kredit təşkilatlarının payına düşür.
İyulun sonuna verilmiş kreditlərin ümumi həcmindən 17 milyard 895,4 milyon manat (artım 10,5%) milli valyuta, 4 milyard 146,5 milyon manat (artım 3,9%) xarici valyuta ilə verilib. Bu dövrdə xarici valyuta ilə verilən kreditlərin xüsusi çəkisi 18,8% (2022-ci ilin sonuna 19,8%) təşkil edir.
Bankların və BOKT-ların kredit qoyuluşlarının strukturunda 3 milyard 409,3 milyon manat (bütün kreditlərin 15,5%-i) ticarət və xidmət sahələrinin, 692,5 milyon manat (3,1%) mədən sənayesi və elektrik enerjisi, qaz, su təsərrüfatı sektorunun, 535,6 milyon manat (2,4%) kənd/meşə təsərrüfatı və balıqçılıq sahələrinin, 1 milyard 127,5 milyon manat (5,1%) tikinti sektorunun, 1 milyard 88 milyon manat (4,9%) sənaye və istehsal sektorunun, 1 milyard 81,3 milyon manat (4,9%) nəqliyyat və rabitə sahələrinin, 12 milyard 734,1 milyon manat (57,8%) ev təsərrüfatlarının, qalan məbləğ isə digər sektorların payına düşüb.
2023-cü ilin yanvar-iyul aylarında bankların ev təsərrüfatlarının kreditləşdirilməsi üzrə portfeli 13% artıb (2022-ci ildə artım 31% təşkil edib).*
R.Əhmədov