Azərbaycanın daxili borcu 1 iyul 2023-cü il tarixinə 4 milyard 970,3 milyon manat və cari il üçün proqnozlaşdırılan ÜDM-in 4,5%-ni təşkil edir.
“İnterfaks-Azərbaycan”a Maliyyə Nazirliyindən verilən məlumata əsasən, 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 2023-cü ilin yanvar-iyun aylarında daxili borc 782,1 milyon manat və ya 18,7% artıb.
“Daxili borcun artımı dövlət borcunun idarəedilməsi strategiyasına uyğundur və daxili bazarda borcların artırılması hesabına xarici borcun tədricən azalmasını nəzərdə tutur”, - Maliyyə Nazirliyindən vurğulanıb.
Nazirliyin məlumatına əsasən, daxili borcun 27,5%-i 1 ilə qədər müddətə borclardır (emissiya olunmuş dövlət kağızları), 52,1%-i – 2-3 il müddətinə, 20,4%-i – 5 il və daha artıq müddətlik borclardır.
Maliyyə Nazirliyinin proqnozuna görə, 2024-cü ilə qədər Azərbaycanın dövlət borcu 6 milyard 689 milyon manata çatacaq. **
A.Əzizov