Azərbaycan Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində Azərbaycan Ordusunun mövqelərini təkrar atəşə tutması barədə məlumat verib.
“Avqustun 21-i saat 22:50-dən avqustun 22-si saat 02:05-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Birəli, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Qaraağac və Laçın rayonunun Minkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub”, - nazirliyin məlumatında deyilir.
Bundan başqa, avqustun 22-si saat 06:15-dən 07:20-dək Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki (Qarabağ regionu - İF) qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Tərtər, Xocalı və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
“Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb”, - MN-dən vurğulanır. **
B.Rüstəmbəyov