“SOCAR AQŞ Sondaj Mühendislik Sanayi ve Ticaret A.Ş” (SOCAR AQŞ Türkiyə) şirkəti və TürkiyəPetrolları Anonim Ortaqlığı (TPAO)şirkəti arasında qazma xidmətləri üzrə müqavilə imzalanıb.
“Müqavilə SOCAR AQŞ Türkiyə şirkəti tərəfindən Türkiyənin cənub-şərq bölgəsində 4 neft quyusunun qazma xidmətlərini nəzərdə tutur. Bu müqavilə enerji sektorunda strateji tərəfdaşlığı təmsil edən hər iki təşkilat üçün mühüm nailiyyətdir”, - SOCAR AQŞ-nin məlumatında deyilir.
Sazişin Türkiyədə neft hasilatını dəstəkləyəcəyi və regionda məşğulluğu artıracağı gözlənilir.
SOCAR AQŞ bütöv şəkildə qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi SOCAR, Nobel Oil Services və Abşeron Qazma Şirkəti tərəfindən 2007-ci ildə təsis edilmişdir. Nobel Oil Services SOCAR AQŞ-nin əsas səhmdarıdır.
SOCAR AQŞ-nin əsas fəaliyyəti quyuların layihələndirilməsi və planlaşdırılması, neft və qaz quyularının qazılması, maili istiqamətləndirilmiş quyuların qazılması, horizontal quyuların qazılması, quyuların mənimsənilməsi, quyuların əsaslı təmiri, yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. **
N.Abbasova