Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bəyan edib ki, ən böyük arzularından birini gerçəkləşdirib – Qarabağa səfər edib.
“Əziz dostum və qardaşım İlham Əliyev ilə Qarabağa, Füzuliyə səfərim ürəyimdəki böyük arzularımdan biri idi”, – deyə o, avqustun 23-də Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşü zamanı bildirib.
Mirziyoyev əlavə edib ki, iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb (avqustun 23-də Füzulidə Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimi keçirilib) tikdirmək arzusunda idi. “Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm”, - deyə Özbəkistan lideri qeyd edib.
O, bu məktəbdə təhsil alan uşaqları ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət edib. “Uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram”, - deyə Mirziyoyev əlavə edib.*
Xəbərlər şöbəsi