Qiymətli kağızları Qazaxıstan Fond Birjasının (KASE) rəsmi siyahısında olan “Kazakhtelecom” SC Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsinin həyata keçirilməsi üçün “AzerTelecom”la yaradılmış “Caspinet B.V.” birgə müəssisəsində 50% pay sahibi olub.
“Kazakhtelecom” SC 2023-cü il avqustun 22-dən “Caspinet B.V.”də 50% iştirak payına malik olub”, - deyə Qazaxıstan Fond Birjasından bildirilib.
Daha əvvəl yeni birgə müəssisənin adı açıqlanmırdı. “Kazakhtelecom” SC-nin Kommunikasiya Departamentindən “İnterfaks-Qazaxıstan” agentliyinə söhbətin məhz Xəzər dənizinin dibi ilə fiber-optik rabitə xəttinin çəkilməsi layihəsindən getdiyini təsdiqləyiblər.
2023-cü il avqustun 22-də Azərbaycanın və Qazaxıstanın aparıcı telekommunikasiya şirkətləri “AzerTelecom” və “Kazakhtelecom” Transxəzər fiber-optik kabel xətti layihəsinin icrası çərçivəsində Transxəzər fiber-optik kabel xəttinin tikintisi və istismarına cavabdeh olan birgə müəssisənin qeydiyyata alınması haqqında müqavilə imzalayıb. Avqustun 23-də Qazaxıstan Fond Birjasının saytında tələblərə uyğun olaraq birgə müəssisənin adı açıqlanıb – “Caspinet B.V.”də “Kazakhtelecom” 50% pay sahibidir”, - deyə departamentdən qeyd ediblər.
2023-cü ilin iyun ayında Qazaxıstanın baş naziri Alixan Smailovun Azərbaycana səfəri çərçivəsində “AzerTelecom” və “Kazakhtelecom” arasında Azərbaycan-Qazaxıstan marşrutu üzrə Xəzər dənizinin dibi ilə Transxəzər fiber-optik rabitə xəttinin tikintisi və istismarı üzrə birgə müəssisənin yaradılmasına dair saziş imzalanıb.
Kabel xəttinin uzunluğu 380 km, məlumat ötürmə qabiliyyəti isə 400 terabit/s-ə qədər təşkil edəcək.
“Kazakhtelecom” Qazaxıstanın ən böyük telekommunikasiya şirkətidir və milli telekommunikasiya operatoru statusuna malikdir.
“NEQSOL Holding”in tərkibinə daxil olan “AzerTelecom” Azərbaycanın aparıcı rabitə operatorudur və ölkənin beynəlxalq internet şəbəkəsinə qoşulmasını təmin edir.*