Azərbaycanda məhkəmə barəsində cinayət işi başlanan Karen Matevosyanın həbsi (qiyabi) barədə qərar qəbul edib və onu axtarışa verib. Bu barədə Baş Prokurorluğdan məlumat verilib.
Baş Prokurorluğun məlumatında qeyd olunur ki, 1970-ci ildə Bakı şəhərində anadan olmuş, hazırda Azərbaycan Respublikasının Xankəndi şəhərində yaşayan Karen Matevosyanın avqustun 21-də Telegram və digər internet informasiya resurslarında rus dilində yayımlanmış videomüraciəti üzrə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.
“İş üzrə Matevosyan Cinayət Məcəlləsinin 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və qruplar yaratma) və 283.1-ci (milli nifrət və düşmənçiliyin salınması) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq axtarışa verilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda ibtidai istintaq davam etdirilir, nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov