Belçikanın xarici işlər naziri Hadija Labib hesab edir ki, Bakı və İrəvan dialoqu davam etdirməli və mövcud çətinlikləri aradan qaldırmalıdır.
“Mən başa düşürəm ki, bu 30 ildə nə baş verib, amma gəlin, irəli baxaq. Biz gələcəyə baxmalıyıq, bu vəziyyətdən çıxmalı, sülhə nail olmalıyıq. Sülh xalqın, sıravi vətəndaşların həyatının yaxşılaşdırılmasına xidmət etməlidir, çünki müharibənin ilk qurbanları onlardır. Sülh həm Ermənistan və Azərbaycan, həm də bütün dünya üçün vacibdir. Bu, Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması üçün tarixi fürsətdir. Bu səbəbdən dialoqu davam etdirmək vacibdir”, - Labib cümə axşamı Bakıda Azərbaycan XİN başçısı Ceyhun Bayramovla mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Aİ Cənubi Qafqazda sülhün bərqərar olması üçün səylərini davam etdirəcək.
“Əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmalıdır. Ermənistan və Azərbaycan liderləri münasibətlərin normallaşması üçün ərazi bütövlüyünü və suverenliyini əsas götürüb. Biz öz tərəfimizdən bunu yalnız dəstəkləyirik”, - o vurğulayıb.
Bakı ilə ikitərəfli münasibətlərə toxunan nazir əlavə edib ki, “Belçika Azərbaycanla əlaqələrin dərinləşməsinə çalışır”.
“Bugünkü görüşdə müxtəlif məsələləri müzakirə etmək üçün yaxşı fürsət oldu. Biz, xüsusilə, Azərbaycanla Belçika arasında ikitərəfli əlaqələr, ticarət, investisiya sahəsində bir sıra məsələləri müzakirə etdik”, - Labib bildirib.
Onun sözlərinə görə, Belçika həmçinin enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır. “Bu sahədə tərəfdaşlığı genişləndirmək istərdik. Belə mürəkkəb geosiyasi vəziyyətdə tərəflərin dəstəyi çox vacibdir”, - nazir deyib.
Öz növbəsində, Bayramov əlavə edib ki, Labib ilə danışıqlar zamanı tərəflər həmçinin Orta dəhlizi, Zəngəzur dəhlizinin əhəmiyyətini müzakirə ediblər. Nazirin sözlərinə görə, hazırda Azərbaycanda 18 Belçika şirkəti fəaliyyət göstərir. "2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi $80 milyon təşkil edib, lakin bu mövcud potensiala uyğun deyil”, - o vurğulayıb. **
Xəbərlər şöbəsi