2024-cü ilin birinci rübündə Kəlbəcər rayonunda ümumi gücü 75,5 MVt, illik enerji istehsal potensialı 230 milyon kilovat-saat olan 10 kiçik su elektrik stansiyası mövcud olacaq. Bu barədə avqustun 25-də Kəlbəcər rayonunda “AzərEnerji” ASC-nin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimində bildirilib.
Prezident İlham Əliyev “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının, eləcə də “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib.
Dövlət başçısının saytında verilən məlumata görə, “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılışında qeyd edilib ki, bu enerji obyektlərindən əlavə, bu günə kimi Kəlbəcər rayonunda “Kəlbəcər-1”, “Qamışlı” və “Meydan” Kiçik Su Elektrik stansiyaları yenidən qurularaq istismara verilib. Hazırda Kəlbəcər rayonunda beş yerdə ümumi gücü 48,3 meqavat olan kiçik su elektrik stansiyalarının tikintisinə başlanılıb.*
Xəbərlər şöbəsi