Avqustun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Laçın rayonunda “Həkəri Balıq Təsərrüfatı”nın açılışında iştirak ediblər.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytına istinadən xəbər verir ki, Qarabağ zonasında ilk nərəyetişdirmə təsərrüfatı olan bu müəssisədə il ərzində 35 ton Kür nərəsi, 1,5 ton çökə və 5 ton forel yetişdiriləcək. Bunun üçün müəssisədə hər birinin uzunluğu 40, eni 3 metr olan açıq tipli 36 beton kanal yaradılıb.
Dövlət başçısına və birinci xanıma nərə balığının yetişdirilməsi və kürünün əldə edilməsi prosesi barədə də məlumat verilib.
“Gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsi planlaşdırılır. Belə ki, nərə əti istehsalının ildə 70 tona, kürünün 3 tona, forel ətinin isə 10 tona çatdırılması nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.*
R.Əhmədov