Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 27-də Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güləri qəbul edib. Bu barədə Azərbaycan liderinin saytında məlumat verilib.
Əliyev Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin işbirliyinin çox yaxşı səviyyədə olduğunu qeyd edib.
Dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın prezident seçiləndən sonra Azərbaycana həyata keçirdiyi ilk dövlət səfərinə toxunaraq, bu səfər zamanı Hərbi Hava Qüvvələrinin yeni Mərkəzi Komanda Məntəqəsinin açılışının önəmini vurğulayıb.
Öz növbəsində, Gülər iki ölkənin dövlət başçıları arasında sıx münasibətlərin və təmasların əlaqələrimizin daha da güclənməsi işinə çox müsbət təsir göstərdiyini bildirib və azərbaycanlı həmkarları ilə səmərəli qarşılıqlı fəaliyyətin həyata keçirildiyini qeyd edib.
Söhbət zamanı Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən hərbi sahədə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
V.Əliyev