2023-cü ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin sayı 24 min 372 nəfər və ya 0,2% artaraq 2023-cü il iyulun 1-nə 10 milyon 151,517 min nəfər təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Əhalinin 54,6%-i şəhər, 45,4%-i isə kənd sakinləridir. Əhalinin 49,8%-ni kişilər, 50,2%-ni qadınlar təşkil edir.
Yanvar-iyun aylarında ölkə üzrə 53 min 918 doğulan körpə qeydə alınıb ki, bu da bir il əvvəllə müqayisədə 12% azdır və əhalinin hər 1000 nəfərinə bu göstərici 10,7 təşkil edib. Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 53,2%, qızların xüsusi çəkisi isə 46,8% olub. Körpələrin 1,58-i əkiz, 75-i üçəm, 4-ü dördəmdir.
Bu dövrdə 30 min 165 ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6 (2022-ci ilin yanvar-iyun aylarında 6,5 - İF) təşkil edib.
Cari ilin yanvar-iyun aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 24,146 min nikah (2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə azalma 16,1%) və 10,631 min boşanma halı (artım 41,2%) qeydə alınıb.
Hesabat dövründə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,907 min nəfər gələn və 1,288 min nəfər ölkədən gedən qeydə alınıb. **
X.Nəsirzadə