“Şahdəniz” yatağından hasilatın başlanğıcından (2006-cı ildən) indiyədək ümumilikdə 200 milyard kubmetr qaz əldə olunub.
“Avqustun 26-da “Şahdəniz” yatağından hasilatın başlanğıcından 200 milyardıncı kubmetr qaz əldə olunub. Bu il layihə çərçivəsindədaha bir əlamətdar hadisə gözlənilir. Dördüncü rübdə yatağın şərq-şimal cinahının istismara verilməsi planlaşdırılır ki, bununla da yataqda əlavə iki hasilat quyusu işə salınacaq”, - “bp-Azerbaijan” şirkətinin məlumatında deyilir.
“İnterfaks-Azərbaycan” şirkətə istinadən xəbər verir ki, hazırda yataqda qaz hasilatı 25 quyudan (“Şahdəniz Alfa” platfosmaında - 11 quyu və “Şahdəniz Bravo” platfomasında - 14 quyu) həyata keçirilir. Bu quyulardan ümumilikdə gündə orta hesabla 72,6 milyon kubmetr qaz hasil edilir.
“İnanırıq ki, “Şahdəniz”in böyük gələcəyi var. Hazırda biz “Şahdəniz”də mövcud məhsuldar layların altındakı “Pre-Fasila” layına yeni bir quyu qazırıq. Ümid edirik ki, həmin quyu “Şahdəniz”in uzunmüddətli hasilat ömrünü təmin etmək planlarımıza dəstək verməklə yeni işlənmə imkanları yaradacaq”, - məlumatda BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunda hasilat üzrə vitse-prezidenti Elxan Məmmədovun szölərindən sitat gətirilir.
“Şahdəniz” yatağı 1999-cu ildə kəşf edilib. Bu nəhəng yatağın sahəsi təxminən 860 kvadrat kilometrdir. İlkin hesablamalara görə bütövlükdə “Şahdəniz” yatağının 1 trilyon kubmetrdən çox qaz və 2 milyard bareldən çox kondensat ehtiyatı var. Əməliyyatlara başlayandan indiyədək Şahdəniz yatağından 42,4 milyon ton (342 milyon barel) kondensat hasil edilib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 29,99%), “Cənub Qaz Dəhlizi” QSC (21,02%), LUKOİL (19,99%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
“Şahdəniz” yatağından qaz hasilatına 2006-cı ilin dekabr ayında başlanılıb.**
N.Abbasova