2023-cü ilin yanvar-iyul aylarında əhalinin banklardakı əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 8,2% - 12 milyard 705,49 milyon manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
İyulda əhalinin banklardakı əmanətləri 43,3 milyon manat azalıb.
Yanvar-iyul aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 13,1% - 8 milyard 75 milyon manatadək (bütün əmanətlərin 63,6%-i) artıb. İyul ayında milli valyutada əmanətlərin həcmi 12,4 milyon manat azalıb.
Yanvar-iyul aylarında əhalinin xarici valyutada bank əmanətləri 0,6% - 4 milyard 630,49 milyon manatadək və ya bütün əmanətlərin 36,4%-i səviyyəsində artıb (2022-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 39,2% təşkil edib). İyulda əhalinin xarici valyutada bank əmanətləri 30,9 milyon manat azalıb.
Yanvar-iyul aylarında rezidentlərin banklardakı əmanətlərinin həcmi 11 milyard 361,7 milyon manat (artım 7,5%), qeyri-rezidentlərin – 1 milyard 343,76 milyon manat (artım 14,4%) təşkil edir.
2023-cü il iyulun 31-nə banklarda əmanət və depozitlərin həcmi 34 milyard 23,46 milyon manat təşkil edir ki, bu da 2022-ci ilin sonuna olan göstəricidən 6,1% azdır.*
X.Nəsirzadə