Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Yekaterinburq Şəhər Dumasının sədri İqor Volodinlə qalmaqaldan sonra Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu ilə söhbət edib. Bu barədə “Kommersant-Ural” nəşrinə regionun İnformasiya siyasəti departamentindən bildirilib.
“Regionun başçısı Azərbaycanın nümayəndəsindən üzr istəyib və mübahisənin həll edildiyinə ümidvar olduğunu bildirib”, - deyə nəşr vurğulayır.
Bundan başqa, qəzetin Sverdlovsk vilayəti hökumətindəki mənbəyinin məlumatına görə, bu qalmaqaldan sonra Volodin yeni çağırış Şəhər Dumasının spikeri seçilməyəcək.
Xatırladaq ki, avqustun 7-də Yekaterinburqda qondarma “talış-muğan muxtar respublikasının yaranmasının 30 illiyi”nə həsr olunmuş tədbir keçirilib. Tədbirə qatılan Volodin öz adından və digər deputatların adından iştirakçıları təbrik edib. Bununla əlaqədar olaraq Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi tərəfindən Rusiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərilib. Notada Rusiyanın hakim partiyasının təmsilçisinin bu addımının separatçılığı təşviq etdiyi, Azərbaycan-Rusiya qarşılıqlı müttəfiqlik əlaqələrinin mahiyyətinə kökündən cavab vermədiyi diqqətə çatdırılıb.*
R.Əhmədov