Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə 20-23 noyabr 2023-cü il tarixlərində Bakıda 10-cu Yubiley Xəzər Texniki Konfransı keçiriləcək.
SPE-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, bu il tədbirdə həm Xəzər, həm də qlobal səviyyədə neft-qaz kəşfiyyatı və hasilatının gələcəyini formalaşdıran təcrübələr və ən son texnologiyalar müzakirə olunacaq.
“Əsas diqqət neft-qaz sahəsində yeni çağırışların həllinə və əlaqələrin bərpasına yetiriləcək”, - deyə SPE-dən bildirilib.
Konfrans neft-qaz sənayesi ekspertlərini və kəşfiyyat və hasilat sahəsində peşəkarları bir araya gətirəcək.
"Bu il tədbirdə hökumət, beynəlxalq və milli neft-qaz və servis şirkətlərinin nümayəndələri də daxil olmaqla 500-dən çox insanın iştirakı gözlənilir”, - deyə təşkilatdan vurğulanıb.
Qeyri-kommersiya peşə birliyi olan Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin üzvləri enerji resurslarının işlənməsi və istehsalı ilə məşğuldur. SPE dünyanın 138 ölkəsində 119000-dən çox üzvə xidmət göstərir. SPE neft-qaz kəşfiyyatı və hasilatı üzrə texniki biliklərin toplanması üçün əsas resursdur və www.spe.org saytında onlayn resurslar, nəşrlər, təlim kursları və tədbirlər vasitəsilə xidmətlər təqdim edir.*
N.Abbasova