Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev Ağdam-Xankəndi yolu açıldıqdan 24 saat sonra Laçın-Xankəndi yolunun (Laçın yolu) da açılmasının mümkün olduğunu deyib.
“24 saat sonra (Ağdam-Xankəndi yolu açıldıqdan sonra) Laçın yolu da açılacaq. Yollar nə qədər çox olsa, hamı üçün bir o qədər yaxşıdır”, - deyə BBC Hacıyevə istinadən bildirir.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycan Qarabağ bölgəsinin təchizatı üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsini təklif edir.
Vaqif Xaçatryanın Ermənistanla sərhəddə nəzarət-buraxılış məntəqəsini keçərkən saxlanılması məsələsinə toxunan Hacıyev bir çox şahidlərin onu tanıdığını qeyd edib. “Biz heç vaxt deməmişik ki, hərbi cinayətkarlar məsuliyyətə cəlb edilməməlidir”, - deyə şöbə müdiri vurğulayıb.*
R.Kərimov