Yekaterinburq meri Aleksey Orlov avqustun 7-də Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş tədbirdə iştirak etmiş Şəhər Dumasının sədri İqor Volodinlə bağlı qalmaqala münasibət bildirib.
“Bu, onun (Volodinin – İF) şəxsi qərarıdır. Əgər bu, etiraz notası (Azərbaycanın – İF) ilə ifadə olunubsa, deməli, heç də düzgün qərar olmayıb. Məsləhətləşmək lazım idi. Biz həm Xarici İqtisadi Əlaqələr Nazirliyi, həm də Xarici İşlər Nazirliyi ilə bütün hərəkətlərimizi razılaşdırırıq”, - deyə Orlov “66.ru.” portalına bildirib.
Xatırladaq ki, Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyi avqustun 27-də bildirib ki, bu tədbirin keçirilməsi Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı yönəlib, İqor Volodinin addımı isə separatçılığı təşviq edir. Bununla əlaqədar diplomatik missiya RF XİN-ə etiraz notası göndərib.
Bundan başqa, Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşev Azərbaycanın Rusiyadakı səfirindən üzr istəyib və mübahisənin həll edildiyinə ümidvar olduğunu bildirib. Bundan başqa, “Kommersant” nəşrinin mənbəyinin verdiyi məlumata görə, bu qalmaqaldan sonra Volodin yeni çağırış Şəhər Dumasının spikeri seçilməyəcək.*
R.Əhmədov