Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsiilə bağlı tədbirlər haqqında" sərəncam imzalayıb.
“İnterfaks-Azərbaycan” xəbər verir ki, sərəncama əsasən, siyahıya 8 bank, şirkət və müəssisə daxildir: “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Bakı Telefon Rabitəsi” MMC, “Aztelekom” MMC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC, “AzerGold” QSC, “Azərikimya” İstehsalat Birliyi (Etilen-Polietilen zavodu), Karbamid zavodu və Metanol zavodu.
Sərəncama əsasən,İqtisadiyyat Nazirliyi aidiyyəti üzrə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan İnvestisiya Holdinqi ilə razılaşdırmaqla, siyahıda nəzərdə tutulan dövlət müəssisələri tərəfindən maliyyələşdirilməklə nüfuzlu beynəlxalq məsləhətçi şirkətlərinin cəlb olunmasını təmin etsin və aparılacaq təhlillər əsasında aşağıdakılar barədə təkliflərini doqquz ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir: dövlət müəssisələrinin restrukturizasiyası və sağlamlaşdırılması; dövlət müəssisələrinin qiymətləndirilməsi, onların öhdəlikləri ilə nizamnamə kapitalları arasında optimal nisbət və investisiya ehtiyacları; potensial investorların dairəsi; müvafiq bazarın rəqabət mühitinin tələbləri nəzərə alınmaqla, liberallaşdırılması və inhisarsızlaşdırılması imkanları; dövlət müəssisələrinin dövlət nəzarətində saxlanılmalı olan əsas fəaliyyətini müəyyənləşdirməklə, əsas fəaliyyətə uyğun olmayan digər fəaliyyətin özəl sektora ötürülməsi imkanları.
Bu tədbirlərin məqsədi dövlət müəssisələrində institusional islahatların, restrukturizasiya və sağlamlaşdırma tədbirlərinin davam etdirilməsi, dövlətin iştirak payının azaldılması vasitəsilə özəl investisiyaların cəlb edilməsi, Azərbaycan Respublikası vətəndaşlarının dövlət müəssisələrinin idarəedilməsində iştirakının genişləndirilməsi, korporativ idarəetmənin tətbiqinin şaxələndirilməsi və qiymətli kağızlar bazarının inkişaf etdirilməsidr.
Sərəncamın mətni cümə axşamı dövlət başçısının saytında dərc olunub. **
B.Rüstəmbəyov