Azərbaycan prezidenti İlham Əliyevin Özbəkistanın milli bayramı – Müstəqillik Günü münasibətilə prezident Şavkat Mirziyoyevə məktub ünvanlayıb, Bakı ilə Daşkənd arasında əməkdaşlığın genişlənəcəyinə əminlik ifadə edib.
“Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir”, - Əliyev məktubda qeyd edib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Azərbaycan prezidenti qeyd edib ki, iki lider arasında açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlər, mütəmadi görüşlər, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti “əməkdaşlığın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır”.
“Bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açıb, strateji tərəfdaşlığın hərtərəfli inkişafına güclü təkan verib. Əminəm ki, dövlətlərarası münasibətlərin daha da möhkəmləndirilməsi, əməkdaşlığın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik”, - Əliyev məktubda vurğulayıb. Məktub dövlət başçısının saytında dərc olunub. **
R.Əhmədov