Ermənistanın baş naziri Nikol Paşiyan respublikanın təhlükəsizlik sahəsində Rusiyadan tam asılılığını strateji səhv adlandırıb.
"Ermənistanın təhlükəsizlik arxitekturası 99,999 faiz Rusiya ilə əlaqəli idi, o cümlədən silah, döyüş sursatı əldə edilməsi ilə bağlı. Lakin bu gün Rusiyanın özünün silaha, döyüş sursatına ehtiyacı olduğu zaman aydındır ki, istədiyi təqdirdə Ermənistanın təhlükəsizlik sahəsində tələblərini təmin edə bilməyəcək. Yəni, bu nümunə göstərir ki, təhlükəsizlik sahəsində bir yerdən asılılıq strateji səhvdir", - Paşinyan «La Repubblica» nəşrinə verdiyi müsahibədə bildirib. Müsahibənin videoyazısı şənbə günü Ermənistanın İctimai Televiziyasının efirində yayımlanıb.
Onun sözlərinə görə, «Ermənistan bu səhvin acı meyvələrini daddıqdan sonra» hazırda İrəvanın təhlükəsizlik siyasətinin şaxələndirilməsi üçün cəhdlər edilir.
«Çünki kiminsə təhlükəsizliyimizi təmin etməsi lazım olduğu bir an gəldikdə məlum olur ki, ya kimsə bizim təhlükəsizliyimizi istəmir və ya təmin edə bilməz», - Ermənistan lideri yekun vurub. **