Azərbaycan Rusiya Federasiyasına pomidor, kartof, eləcə də çəyirdəkli meyvə ixracını artırmaqda maraqlıdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ölkə hökumətindəki mənbə bildirib.
“Biz tərəfdaşlarımıza Rusiya bazarına pomidor, kartof və çəyirdəlki meyvə ixracının artırılmasında maraqlı olduğumuzu bildirmişik”, - deyə mənbə qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan Rusiya bazarına pomidor ixracını ildə 220 min tona (2022-ci ildə 137,6 min ton - İF-Az), kartof ixracını 100 min tona (2022-ci ildə 73,7 min ton), çəyirdəkli meyvə ixracını isə 85 min tona qədər artırmağa hazırdır.
“Azərbaycan isə Rusiyadan buğda, günəbaxan yağı, qənnadı məmulatları, eləcə də heyvandarlıq məhsullarının tədarükünün artırılmasında maraqlıdır”, - deyə mənbə qeyd edib.
Agentliyin müsahibi əlavə edib ki, Azərbaycan və Rusiyanın Kənd Təsərrüfatı nazirlikləri aqrar sənaye və ərzaq məhsullarının qarşılıqlı tədarükünün həcminin artırılması və nomenklaturasının genişləndirilməsi üzərində işləməyə davam edəcək.
“Bundan başqa, tərəflər sahəvi işçi qrupların xətti ilə aqrar sənaye sektoru üzrə Azərbaycan-Rusiya dialoqunun intensivləşdirilməsi ilə bağlı razılığa gəliblər”, - deyə mənbə vurğulayıb.*
A.Əzizov