Gürcüstanın “Georgia Wings” loukosteri sentyabrın 6-da Tbilisi-Bakı marşrutu üzrə reyslər həyata keçirəcək. Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.
“Gürcüstan aviadaşıyıcısının Tbilisi-Bakı marşrutu üzrə ilk reysi sentyabrın 6-da həyata keçiriləcək. Aviaşirkət 72 nəfər üçün nəzərdə tutulmuş ATR72-500 təyyarəsi ilə Tbilisi-Bakı-Tbilisi marşrutu üzrə həftədə 3 dəfə olmaqla (çərşənbə, cümə və bazar günləri) müntəzəm uçuşlar yerinə yetirəcək”, - deyə məlumatda qeyd olunur.
Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşlar həyata keçirən xarici aşağıbüdcəli aviaşirkətlərin sırasına Gürcüstanın “Georgia Wings” aviadaşıyıcısı da əlavə olunmaqla müvafiq aviaşirkətlərin sayı 16-ya çatıb.
Bu il ərzində bu siyahıya “WizzAir Malta”, “Flyadeal”, “Air Cairo” kimi aşağıbüdcəli aviadaşıyıcılar əlavə olunub.
Məlumata görə, yaxın zamanda “IndiGo” (Hindistan), “Aegean Airlines” (Yunanıstan) və “Air Arabia Abu-Dhabi” (BƏƏ) aviaşirkətləri də Bakıya uçuşlar həyata keçirməyə başlayacaq.*
N.Abbasova