Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərin reinteqrasiyası prosesinin alternativinin olmadığını hesab edir.
“Prezidentin təyin etdiyi xüsusi nümayəndə ilin əvvəlində Qarabağda ilk görüşünü keçirib, bundan sonra rotasiya qaydasında Azərbaycanın şəhərlərindən birində ikinci görüşün keçirilməsi üzrə dəvət göndərilib. Həmçinin, erməni əhalisinin nümayəndələrinin diqqətinə çatdırılıb ki, mərkəzi hökumətin təmsilçisi bu rotasiya formatında gələcək görüşlərin keçirilməsini davam etdirməyə hazırdır; üçüncü görüş yenə Qarabağda, dördüncüsü Azərbaycanın şəhərlərinin birində, beşincisi yenə Qarabağda və sairə”, - deyə nazir Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və “Madyar Demokrata” macar nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Bakı üçün vacib olan dialoq prosesinin başlamasıdır. “Bizim üçün vacib olan prosesin davam etməsidir. Bu mənada Bakı dialoq üçün xoş iradə və açıq mövqe nümayiş etdirir. Bu, irəliyə doğru yeganə yoldur. Dialoqdan imtina edənlər, onlara mesaj göndərə biləcək və hər hansı bir vədlər verəcək üçüncü güclərin əllərində girov olmaqdan qurtulmalıdır. Onlar keçmişə nəzər salmalı və nə əldə etdiklərini düşünməlidir. Məgər onlar xoşbəxt oldular, daha yaxşı yaşamağa başladılar? Əlbəttə, yox. Yeganə yol dialoq və Azərbaycanın tərkibində öz gələcəyini müzakirə etməkdir. Başqa yol yoxdur, çünki qalan bütün variantlar qeyri-legitimdir. Bu, bizim qırmızı xəttimizdir. Bundan sonra Azərbaycanın ərazisində heç bir boz zona olmayacaq”, - deyə XİN başçısı qeyd edib.
“İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, Bayramov vurğulayıb ki, Qarabağın erməni əhalisinin hərəkətləri göstərir ki, onları yalnız separatçılıq maraqlandırır. “Lakin erməni əhalisinin etdiklərinə baxın! Onlar beton bloklar qoyublar və bu da ərzağın çatdırılmasını qeyri-mümkün edir. Bütün məsələ bundan ibarətdir. Onları separatçılıq maraqlandırır. Bizim mövqeyimiz ondan ibarətdir ki, bu mövzu siyasiləşdirilməməlidir, belə ki, sən digər marşrutları rədd edərək yalnız bir yoldan danışırsansa, bu, artıq məsələnin siyasiləşdirilməsidir və humanitar müstəvi ilə heç bir əlaqəsi yoxdur. Bu, artıq siyasi gündəmdir, həm də çox zərərlidir. Bu, nə ermənilərin, nə də azərbaycanlıların marağındadır. Münaqişənin otuz ili göstərdi ki, bu özünütəcridin heç kimə faydası olmayıb”, - deyə o bildirib.
Bayramov əlavə edib: “Biz Qarabağın erməni əhalisinə öz vətəndaşlarımız kimi baxmaqda davam edirik. Ermənistandan fərqli olaraq, Azərbaycan monoetnik dövlət deyil. Azərbaycan Konstitusiyasına və ölkəmizin qoşulduğu bir sıra beynəlxalq konvensiyalara görə, bütün etnik azlıqlar bərabər hüquqlara, azadlıqlara və bərabər vəzifələrə malikdir”.*
R.Əhmədov