2023-cü ilin iyul ayında Azərbaycandan İtaliyaya Trans-Adriatik boru kəməri (TAP) vasitəsilə nəql olunan qazın həcmi 807 milyon kubmetr (azalma 12,7%) təşkil edib.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, 2023-cü ilin yanvar-iyul aylarında Azərbaycandan 5,708 milyard kubmetr qaz (2022-ci ilin müvafiq dövrü ilə müqayisədə -4%) ixrac edilib.
2023-cü ilin yanvar ayında TAP vasitəsilə İtaliyaya 852 milyon kubmetr, fevralda 701 milyon kubmetr, martda 898 milyon kubmetr, apreldə 860 milyon kubmetr, mayda 806 milyon kubmetr, iyunda isə 784 milyon kubmetr qaz nəql edilib.
TAP qaz kəməri “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından hasil edilən təbii qazın Avropaya nəqlini nəzərdə tutur.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% - 22,3 milyard kubmetrə qədər artırıb, Avropaya 11,4 milyard kubmetr qaz (+39%) ixrac olunub.
Avropa İttifaqının Statistika İdarəsinin (Avrostat) məlumatına görə, 2022-ci ildə Aİ ölkələri – İtaliya, Yunanıstan və Bolqarıstan Azərbaycandan 15,599 milyard avro dəyərində təbii qaz (il ərzində artım 4 dəfə) idxal edib.
İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyindən verilən məlumata görə, 2022-ci ildə TAP vasitəsilə bu ölkəyə 10,325 milyard kubmetr qaz (2021-ci illə müqayisədə +43,1%) tədarük olunub. Avrostatın məlumatına görə, hesabat dövründə İtaliya Azərbaycandan 13,253 milyard avro dəyərində (il ərzində artım 3,9 dəfə) təbii qaz idxal edib.
2023-cü ildə Azərbaycandan təbii qazın ixracı 24,5 milyard kubmetr həcmində planlaşdırılır, bunun 12-12,5 milyard kubmetrə qədəri Avropaya nəql olunacaq.*
R.Kərimov