Sentyabrın 6-da Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər istiqamətində yerləşən mövqelərini atəşə tutub. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.
“Sentyabrın 6-sı saat 23:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub”, - deyə məlumatda bildirilir.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.
Bundan başqa, Müdafiə Nazirliyi sentyabrın 7-nə keçən gecə Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələrinin mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumatı təkzib edib.
“Sentyabrın 7-si saat 01:35 radələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən guya Ermənistan silahlı qüvvələri bölmələrinin Əzizli yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərinin atəşə tutulması barədə qarşı tərəfin yaydığı məlumat tamamilə yalandır. Ermənistan müdafiə nazirliyinin yaydığı bu məlumatı qəti surətdə təkzib edirik”, - deyə məlumatda qeyd olunub.*
X.Nəsirzadə