Sentyabrın 26-da Bakıda Türk Dövlətləri Təşkilatının (TDT) Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və “Aqrobiznes forumu” tədbiri keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
“Türk Dövlətləri Təşkilatının Kənd Təsərrüfatı Nazirlərinin 2-ci Toplantısı və “Aqrobiznes forumu”nun keçirilməsi ilə bağlı məsələlər Azərbaycan və Özbəkistanın kənd təsərrüfatı nazirləri Məcnun Məmmədov və Əziz Voitovun görüşündə müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycanla Özbəkistan arasında hazırlanan Kənd Təsərrüfatı sahəsində Əməkdaşlıq üzrə Yol Xəritəsinin icrası ətraflı müzakirə olunub.
“Tərəflər Azərbaycanla Özbəkistan arasında kənd təsərrüfatının ipəkçilik, fındıqçılıq, şərabçılıq, kənd təsərrüfatı maşınqayırması və digər sahələrdə ən qısa zamanda konkret addımların atılması ilə bağlı razılığa gəliblər”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova