Azərbaycan və Rusiya 2027-ci ilədək “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yükdaşımaların, o cümlədən tranzit daşımaların həcmini ildə ən azı 15 milyon tona çatdırmağa ümid edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdəki mənbə məlumat verib.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyətini nəzərə alaraq, Bakı və Moskva bu dəhlizin inkişafı ilə bağlı ikitərəfli sazişin hazırlanması, razılaşdırılması və imzalanması istiqamətində işlərin intensivləşdirilməsinə dəstək göstərilməsinin vacibliyini başa düşür. Bundan başqa, tərəflər 2027-ci ilə qədər sərhəd stansiyalarının gücü də daxil olmaqla dəhlizin daşıma gücünü ildə ən azı 15 milyon tona çatdırmaq üçün əməkdaşlıq etmək niyyətindədir”, - deyə agentliyin müsahibi bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Rusiya yükdaşımaların artan həcminin nəqli məqsədilə öz ərazilərində dəhlizin Qərb marşrutunun infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması istiqamətində işləri davam etdirəcək.
Bununla yanaşı, iki ölkənin dəmir yolu qurumlarına Bakı-Yalama-RF ilə sərhəd (Azərbaycan ərazisində) və Dərbənd-Samur-Azərbaycan sərhədi (RF ərazisində) dəmir yolu hissələrinin sabit cərəyandan dəyişən cərəyana keçirilməsi üzrə işlərin sinxronlaşdırılması ilə bağlı tədbirlər görmək tapşırılıb.
Mənbə əlavə edib ki, Rusiya tərəfi Azərbaycan ərazisində dəmir yolu infrastrukturu layihələrində, o cümlədən “Şimal-Cənub” dəhlizində dəmir yolu hissələrinin yenidən qurulması və modernləşdirilməsi layihələrində iştirak etməkdə maraqlıdır.
“Bundan başqa, Rusiya tərəfi “Azərbaycan Dəmir Yolları” QSC-nin və SOCAR-ın ehtiyacları üçün dəmir yolu texnikasının tədarükündə də maraqlıdır”, - deyə o vurğulayıb.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, gələcəkdə “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən ildə 15 milyon tondan 30 milyon tona qədər yük daşına bilər.
“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin məqsədi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə, o cümlədən Azərbaycan, İran və Rusiyanın dəmir yollarını birləşdirməkdən ibarətdir.
2022-ci ildə dəhlizlə yük dövriyyəsi müxtəif qiymətləndirmələrə görə 3 milyon ton təşil edib.*
A.Əzizov