Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 7-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
Görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankının Azərbaycanda fəaliyyət istiqamətləri və ölkəmiz üçün prioritet sahələr, xüsusilə bərpaolunan enerji, nəqliyyat, logistika, kiçik və orta biznesin inkişafı sahələrində, Orta Dəhliz istiqamətində əməkdaşlıq məsələləri müzakirə olunub.
“İnterfaks-Azərbaycan” agentliyi xəbər verir ki, görüşdə Avropa Yenidənqurma və İnkişaf Bankı ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişləndirilməsinin önəmi vurğulanıb, bankın ölkəmizin enerji və nəqliyyat layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə ayırdığı kreditlərin vacibliyi qeyd olunub.
“Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb”, - deyə məlumatda qeyd olunub.*
R.Kərimov