Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılan və 10 gün müddətinə inzibati qaydada həbs edilən 3 nəfər erməniəsilli futbolçu azadlığa buraxılıb və Ermənistana təhvil verilib. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Bu gün həmin şəxslərin tənbeh müddəti başa çatdığından onlar azad olunaraq Baş Prokurorluq və Daxili İşlər Nazirliyi əməkdaşlarının müşayiəti ilə Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun olaraq Laçın sərhəd-buraxılış məntəqəsindən Ermənistan Respublikasına keçmələri təmin edilib”, - deyə məlumatda bildirilib.
Xatırladaq ki, Ermənistan vətəndaşları Alen Sarqsyan, Vahe Hovsepyan və Levon Qriqoryan Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı üzrə avqustun 28-də Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən Laçın sərhəd-keçid məntəqəsində saxlanılıblar.
Erməni futbolçuların Azərbaycan Respublikasının Dövlət bayrağı barədə təhqiredici hərəkətlər etmələri faktı ilə bağlı Cinayət Məcəlləsinin 283.2.3 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət işi başlanıb.
Cinayət işi 2021-ci ilin payızında açılmış və Azərbaycanın humanizm dəyərlərinə sadiqliyinin nümunəsi olaraq bağlanmışdı. Lakin saxlanılan şəxslər Azərbaycanın Dövlət bayrağı barədə təhqiredici hərəkətləri əks etdirən videonu yaydıqlarına görə 10 gün müddətinə həbs edilmişdilər.*
X.Nəsirzadə