Prezident İlham Əliyev “Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) bir hissəsinin əsaslı təmiri ilə bağlı tədbirlər haqqında” sərəncam imzalayıb.
“İnterfaks-Azərbaycan” agentliyi dövlət başçısının saytında dərc olunmuş sənədə istinadən xəbər verir ki, Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun (M–3) 217-ci kilometrdən 243-cü kilometrədək olan hissəsinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) ilkin olaraq 7 milyon manat ayrılır.
İqtisadiyyat Nazirliyinə avtomobil yolunun əsaslı təmirinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmaq tapşırılıb.*
X.Nəsirzadə