Bakı Gəmiqayırma Zavodunda inşa edilən “Zəngilan” neft tankerinin cari ilin sonunda istismara verilməsi planlaşdırılır. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bunu zavodun layihə idarəetmə şöbəsinin meneceri Fuad Mədətov deyib.
“Yeni nəsil “Zəngilan” neft tankerinin tikintisi son mərhələdədir və artıq gəminin sınaqları başlayıb. Layihənin 2023-cü ilin sonunda başa çatdırılması planlaşdırılır”, - deyə o bildirib.
Mədətov internet-nəşrə xatırladıb ki, 2023-cü ilin may ayında “Zəngilan” tankerinin suya salınması mərasimi keçirilib. Tankerin dedveyti 8 min ton, uzunluğu 141 metr, eni 16.9 metr, bortunun hündürlüyü isə 6 metrdir. Volqa-Don MAX layihəsi olan gəmi maksimum yükgötürmə qabiliyyəti ilə Volqa-Don çayından keçmək imkanına malikdir. ASCO-nun sifarişi ilə gəminin inşasına 2020-ci ildə başlanılıb. Tanker ümumi tutumu 9212 kubmetr olan 6 yük çəninə malikdir.
Bu, Bakı Gəmiqayırma Zavodunda inşa edilmiş ikinci yeni nəsil tankerdir. 2022-ci ilin sonunda istismara verilmiş “Akademik Xoşbəxt Yusifzadə” neft və kimyəvi məhsullar tankeri xarici sularda istismar olunur. Yeni nəsil “Zəngilan” tankerinin də xarici sularda istismarı nəzərdə tutulur.
Menecer əlavə edib ki, cari ilin sonunadək zavodda daha bir tankerin və bərənin inşasına başlanılacaq.
“Zavodun gücü 25 min ton metal emal etməyə imkan verir ki, bu da il ərzində dörd gəminin inşasını mümkün edir. İndiyədək zavod müxtəlif təyinatlı 12 gəminin tikintisi layihəsini həyata keçirib. Bundan başqa, bu günə qədər zavodda 170-ə yaxın gəmi təmir edilib və 30-dan çox gəmi modernləşdirilib”, - deyə Mədətov qeyd edib.
Onun sözlərinə görə, zavodda bir sıra beynəlxalq səviyyəli gəmi təmiri layihələri də həyata keçirilib.
“Layihələr Qazaxıstan və Türkmənistanla həyata keçirilib. Geosiyasi vəziyyətə uyğun olaraq biz bir çox xarici ölkələrdən layihələrin reallaşdırılması ilə bağlı müraciətlər alırıq. Hazırda bu layihələr üzərində iş aparılır”, - deyə Mədətov bildirib.
Bakı Gəmiqayırma Zavodu 2013-cü il sentyabrın 20-də istismara verilib. Müəssisənin ümumi ərazisi 72 hektardır, 50 hektar sahədə istehsal işləri həyata keçirilir. Zavodun quru ərazisi eyni vaxtda 8 gəminin təmiri üçün nəzərdə tutulub.*
N.Abbasova