Hazırda Azərbaycan Silahlı Qüvvələri payız-qış mövsümünə hazırlıq çərçivəsində əvvəlcədən planlaşdırılmış təlimlər keçirir. Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanı sərhəddə qoşun cəmləşdirməkdə ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyi bu iddiaları İrəvanın növbəti siyasi manipulyasiyasının tərkib hissəsi adlandırıb.
“Bu, müntəzəm planlaşdırma prosesinin bir hissəsidir”, - deyə Hacıyev “Reuters” agentliyinə bildirib.
Prezidentin köməkçisi Ermənistanı Azərbaycanla sərhəddə qoşun cəmləşdirməkdə və yeni silah sistemləri almaqda ittiham edib.
Hacıyevin sözlərinə görə, “Qarabağdakı erməni hərbçilər kazarmaları tərk edib və ön cəbhəyə keçiriliblər”, bu isə onun fikrincə, yüksək döyüş hazırlığından xəbər verir.
“Bizim strategiyamız Azərbaycana qarşı istənilən hərbi əməliyyatların və ya təxribatların qarşısını almaqdan ibarətdir”, - deyə o əlavə edib.*
R.Kərimov