Sentyabrın 8-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi/Aİ Komissiyasının vitse-prezidenti Cozep Borel ilə telefon danışığı aparıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Telefon danışığı zamanı Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlıq perspektivləri, bölgədə cari vəziyyət və Azərbaycan-Ermənistan normallaşma prosesi müzakirə olunub.
“Bayramov regiondakı son vəziyyət barədə Azərbaycanın mövqeyini qarşı tərəfin diqqətinə çatdırıb. O, Ermənistanın davam edən hərbi-siyasi təxribatlarının, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı bəyanatlarının bölgədə sülh və sabitliyə xidmət etmədiyini, Ermənistanın bu təxribatlarının qarşısının alınmasının vacib olduğunu vurğulayıb”, - deyə məlumatda bildirilir.
Bayramov Ermənistanın Laçın yolundan təxminən iki il yarım ərzində qanunsuz hərbi və digər məqsədlər üçün sui-istifadəni davam etdirməsi barədə ətraflı məlumat verərək, hazırda heç bir əsas olmadan “bölgədə humanitar vəziyyət” barədə yaydığı iddiaların siyasi manipulyasiya olduğunu bildirib.
XİN başçısı Azərbaycan ərazilərindən hələ də çıxarılmayan və Ermənistan tərəfindən birbaşa dəstəklənən erməni silahlı qüvvələrinin bölgədə əsas təhdid mənbəyi olduğunu vurğulayıb.
Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə