Ermənistanın baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı zamanı Prezident İlham Əliyevlə sərhəddə gərginliyin azaldılması məsələsi ilə bağlı təcili müzakirələr aparmağa hazır olduğunu deyib.
Ermənistan hökumətinin mətbuat xidmətindən verilən məlumata görə, Paşinyan 6 oktyabr 2022-ci il tarixli Praqa və 14 may 2023-cü il tarixli Brüssel razılaşmalarına, eləcə də bütün məsələlərin yalnız diplomatik vasitələrlə və konstruktiv şəkildə həllinə sadiqliyini təsdiq edib.
Öz növbəsində, Makron Ermənistanla Azərbaycan arasında bütün fikir ayrılıqlarını diplomatik yolla həll etməyə çağırıb.
O, sərhəddə gərginliyin azaldılmasının vacibliyini bildirib və bölgədə sülh və sabitliyin bərqərar olmasına yönəlmiş səyləri dəstəkləməyə hazır olduğunu ifadə edib.*