Sentyabrın 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan-İran Birgə Komissiyasının görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olan general-mayor Məhəmməd Əhədinin rəhbərlik etdiyi İran İslam Respublikasının Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Həsənov son zamanlar Ermənistan silahlı qüvvələrinin bölmələri və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin törətdiyi təxribatların sayının artdığını və bu təxribatların qarşısının Azərbaycan Ordusunun bölmələri tərəfindən dərhal və qətiyyətlə alındığını xüsusi vurğulayıb.
Azərbaycanın azad etdiyi ərazilərində həyata keçirdiyi bərpa-quruculuq işlərindən məmnunluğunu bildirən İran nümayəndə heyəti Ermənistanın bölgədə sabitliyə və təhlükəsizliyə təhdid yarada biləcək fəaliyyətlərindən narahatlığını ifadə edib.
Görüşdə ölkələrimiz arasında hərbi sahədə əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik məsələləri, eləcə də maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.*
V.Əliyev