Cari ilin sentyabrın 29-dan oktyabrın 1-dək Zəngilan və Bakı şəhərlərində II Azərbaycan Milli Şəhərsalma Forumu keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib.
Məlumata əsasən, “Dayanıqlı şəhərlər iqtisadi inkişafın və bərabərsizliklə mübarizənin aparıcı qüvvəsi rolunda” mövzusunda keçiriləcək forum şəhərsalma sahəsində dünyanın müxtəlif ölkələrindən olan sahə mütəxəssislərini bir araya gətirəcək.
“Ölkəmizdə artıq ikinci dəfə keçirilən Milli Şəhərsalma Forumu təcrübə mübadiləsinin aparılması üçün uğurlu platforma, eləcə də beynəlxalq və çoxtərəfli əməkdaşlıq üçün meydançadır və bilik və təcrübə mübadiləsi üçün platforma rolunu oynayacaq”, - deyə məlumatda qeyd olunub.
Bundan başqa, oktyabrın 2-də Bakıda Ümumdünya Məskunlaşma Günü (World Habitat Day) keçiriləcək.
“Ümumdünya Məskunlaşma Günü hər il bir ölkədə qeyd olunmaqla hamı üçün əlçatan və keyfiyyətli şəhər həyatını təşviq edir, dayanıqlı şəhərlərin inkişafı üzrə çağırışların müzakirəsi üzrə qlobal platforma rolunu oynayır. Bu il tədbirin mövzusu “Dayanıqlı Şəhər İqtisadiyyatı. Şəhərlər inkişafın və bərpanın aparıcı qüvvəsi kimi” olacaq”, - deyə məlumatda vurğulanıb.*
X.Nəsirzadə