2023-cü ilin I yarısında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $5 milyard 154,6 milyon və ya ÜDM-in 14,5%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2022-ci ilin yanvar-iyun aylarında Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri $10 milyard 330,9 milyon təşkil edib. Beləliklə, 2023-cü ilin I yarısında profisit 50,1% azalıb.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, neft-qaz sektoru üzrə profisit $8 milyard 217,4 milyon (azalma 34,5%), qeyri-neft sektoru üzrə kəsir $3 milyard 62,8 milyon (artım 37,8%) təşkil edib.
2023-cü ilin yanvar-iyun aylarında bir barel neftin orta qiyməti $80,6 (2022-ci ilin I yarısında $101,2) təşkil edib.
Yanvar-iyun aylarında xarici ticarət dövriyyəsinin həcmi $22,8 milyard təşkil edib və Azərbaycan xarici ticarətdə $7,5 milyard (azalma 42,5%) məbləğində profisitə malik olub. Xarici ticarət dövriyyəsinin 13,5%-i MDB, 86,5%-i uzaq xarici ölkələrin payına düşüb.
$15 milyard 157,3 milyon həcmində ixracın (azalma 19,8%) strukturunda neft-qaz ixracı $13 milyard 417,9 milyon (azalma 23,3%), neft ixracı $8 milyard, qaz ixracı $5 milyard, neft məhsullarının ixracı $0,4 milyard təşkil edib.
$7 milyard 668,4 milyon həcmində idxalın (artım 30,4%) strukturunda $3 milyard 79,2 milyon istehlak mallarının, o cümlədən $967,4 milyon ərzaq mallarının payına düşüb. Yanvar-iyun aylarında ölkəyə $293,4 milyon dəyərində (artım 15,7%) və ya bütün idxalın 3,8%-i səviyyəsində avadanlıq və xüsusi mallar idxal edilib.
2022-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $23 milyard 478,1 milyon (2021-ci ilin göstəricisi ilə müqayisədə +2,8 dəfə) və ya ÜDM-in 23,5%-ni təşkil edib.*
A.Əzizov