2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 80 milyard 96,4 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,8% çox ümumi daxili məhsul istehsal olunub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2023-cü ilin 7 ayının yekunları üzrə Azərbaycanda ÜDM 0,7% artıb.
8 ay ərzində iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,6% artıb, neft-qaz sektorunda isə 1,1% azalıb.
ÜDM istehsalının 42,4%-i sənaye, 9,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,2%-i nəqliyyat və anbar təsərrüfatı, 6,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,8%-i tikinti, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrinin, 17,6%-i digər sahələrin payına düşüb.
Məhsula və idxala xalis vergilər ÜDM-in 9,4%-ni təşkil edib.
Yanvar-avqust aylarında əhalinin hər nəfərinə düşən ÜDM 7 min 895 manata bərabər olub.
Yenilənmiş proqnozlara əsasən, 2023-cü ildə Azərbaycanda ÜDM artımı 1,8%, o cümlədən qeyri-neft sektorunda artım 4,9%, neft sektorunda azalma 1,5% səviyyəsində gözlənilir.
2022-ci ildə Azərbaycanda ÜDM 4,6%, qeyri neft-qaz sektorunda isə 9,1% artıb.*
A.Əzizov