2023-cü ilin I yarısında Azərbaycanın qarşılıqlı turizm xidmətlərinin dövriyyəsinin həcmi $1,1 milyard təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 45,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
“Hesabat dövründə turizm xidmətləri üzrə idxal $488,2 milyon, ixrac isə $589,4 milyon təşkil edib. Beləliklə, turizm xidmətləri balansında $101,2 milyon həcmində profisit yaranıb”, - deyə AMB-dən cari ilin yanvar-iyun ayları üzrə tədiyə balansına istinadən qeyd ediblər.
Hesabat dövründə xarici ölkələr tərəfindən Azərbaycan rezidentlərinə turizmlə bağlı göstərilən xidmətlərin həcmi $488,2 milyon olub. “Bunun 71,5%-i Azərbaycan vətəndaşlarının şəxsi səfərləri ilə bağlı olub (məkik idxal üçün vəsaitlər istisna olmaqla)”, - deyə məlumatda bildirilir.
Yanvar-iyun aylarında xaricə səfər edən Azərbaycan vətəndaşlarının sayı 16,3%, Azərbaycana gələn xarici vətəndaşların sayı isə 43,9% artıb.
2022-ci ildə turizm xidmətləri balansının kəsiri $69,4 milyon təşkil edib.*
R.Əhmədov